Potensial faydaları 2000-ci illərin əvvəllərinədək nəzərə çarpmayan PUA-lar həmin dövrdən sürətlə inkişaf etməyə başlayıb. PUA sistemlərinin sayı və növləri artdıqca, döyüş imkanları da müvafiq səviyyədə yüksəlib və hərbi təhlükəsizlik mühitinə yeni bir keyfiyyət gətirib. Keçən əsrdə baş vermiş müharibə və lokal münaqişələrdə yalnız kəşfiyyat və müşahidə tapşırıqları yerinə yetirən PUA-lar hazırda modelləşdirilmiş silahlar sayəsində düşmən hədəflərinə qarşı təsirli bir silah sisteminə çevrilib.
Pilotsuz uçuş aparatlarının tətbiqi xüsusiyyətləri
Pilotsuz uçuş aparatı – bortunda pilot (ekipaj) olmadan uçuş həyata keçirən, yerdən, havadan, kosmosdan idarəetmə stansiyası (İS) vasitəsilə məsafədən, yaxud da tam avtonom şəkildə idarə edilən uçuş vasitəsidir. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət-kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, görünməyən hədəfləri aşkarlamaq və onların koordinatlarını müəyyən etmək pilotlu təyyarələrə nisbətən daha asandır. Hərbi məqsədli PUA-lar strateji, operativ və taktiki hava kəşfiyyatının aparılması, yerüstü, dəniz və hava hədəflərinin, o cümlədən radioelektron mübarizəni həyata keçirən obyektlərin vurulması, retranslyasiya kimi istifadə olunması, artilleriya zərbələrinin yönəldilməsi və digər məqsədlər üçün tətbiq edilir. PUA-lara müxtəlif uçuş aparatları, o cümlədən qanadlı raketlə döyüş maddəsi ilə təchiz edilmiş planerlər, avtonom və teleidarəolunan digər növ pilotsuz uçuş aparatlarını aid etmək olar. Onların əməliyyat uzaqlığı bir neçə min kilometrədək, uçuş hündürlüyü 30 km-dək, hərəkət sürətləri səs sürətinə yaxın və yuxarı ola bilər. PUA adi və nüvə başlıqlı döyüş sursatları və raketləri, kəşfiyyat avadanlığı, radioelektron mübarizə vasitələri və digər növ aparatları daşıya bilir.
Müasir müharibələrdə və silahlı münaqişələrdə çox önəmli texnologiyaya çevrilən PUA uzun inkişaf yolu keçib. 1800-cü illərdə hücum məqsədilə istehsal olunan pilotsuz balonlar və uçurtmalar pilotsuz uçuş aparatlarının konsepsiyasını ortaya qoydu. Bugünkü PUA-ya bənzər platformaların meydana çıxması Birinci Dünya müharibəsi illərinə təsadüf edir. Hərbi ehtiyaclardan asılı olaraq inkişafını davam etdirən və 1950-ci illərdə inkişaf etdirilən PUA-lar müasir PUA-nın əcdadları hesab edilir. Xüsusilə Vyetnam müharibəsi, PUA üçün yeni bir dövrün başlanğıcı kimi qəbul olunur. Yalnız 70-ci illərdən 90-cı illərə qədər hərbi kəşfiyyat və nəzarət üçün istifadə edilən PUA, 90-cı illərdən bəri mülki məqsədlər, xüsusən də elmi araşdırmalar üçün istifadə edilib.
Birinci Dünya müharibəsinə qədər olan sonrakı dövrdə ABŞ, Avropa ölkələri və Rusiyada PUA hesab edilən qanadlı raketlərin yaradılması istiqamətində çoxlu işlər görülub. A.S.Popov və H.Markoni tərəfindən radioteleqrafın kəşfindən sonra PUA-ların inkişafı xüsusi mərhələyə keçib. Belə ki, bir çox alimlər PUA-ların məsafədən idarə edilməsi üçün simsiz rabitənin istifadəsini təklif edib.
Müasir qanadlı raketlərin əcdadları vint mühərriki ilə işləyən avtomatik idarəolunan pilotsuz qanadlı uçuş aparatları olub. Belə aparatların yaradılması ideyası ilk dəfə 1909-cu ildə eyni vaxtda ABŞ və Almaniyada irəli sürülüb.
Birinci Dünya müharibəsi dövründə Rusiya, Fransa və Almaniyada raket əsaslı, İngiltərə və ABŞ-da isə təyyarə konstruksiyası bazasında qanadlı zərbə PUA-larının yaradılması istiqamətində müxtəlif layihələr təklif edilib.
İki müharibə arasındakı dövrdə də müxtəlif ölkələrdə qanadlı PUA-ların yaradılması istiqamətində işlər davam etdirilib. Antanta üzrə müttəfiqlər müharibədən qalmış köhnə E-1 təyyarələrinin uçan bombaya çevrilməsi, Almaniyada isə radio ilə idarəolunan pilotsuz təyyarələrin yaradılması istiqamətində müvafiq işlər görüblər.
İkinci Dünya müharibəsi zamanı və müharibədən sonrakı dövrdə PUA-nın inkişafı ilə əlaqədar işlər davam etdirilib və o, Vyetnam, Əfqanıstan və İraq müharibələri də daxil olmaqla son dövrlərdə baş vermiş lokal müharibə və hərbi münaqişələrdə istifadə olunub.
Hərb sahəsində PUA-ların geniş tətbiqi onun digər sahələrdə də istifadəsinə zəmin yaradıb. Nəticədə sülh dövründə iqtisadiyyatın, elm və texnikanın müxtəlif sahələrində PUA-lardan geniş istifadə onun yeni bir texnologiya olaraq inkişafını sürətləndirib.
PUA-lar aşağıdakı sahələrdə effektiv şəkildə istifadə olunur: kənd təsərrüfatı; təcili yardım xidmətləri (xilasetmə, polis, ambulans); mədən sənayesi; tikinti; geodeziya və kartoqrafiya; nəqliyyat, daşınma və çatdırılma; dövlət və bələdiyyə xidmətləri; KİV və media; təbiəti mühafizə təşkilatları; elm və təhsil; rabitə və əlaqə; şəkil və video çəkilişi; idman və əyləncə.
Yuxarıda qeyd edilən sahələrlə yanaşı, PUA-lar digər bir çox sahələrin inkişafında da böyük perspektivə malikdir: arxeologiya; infrastrukturun planlaşdırılması; təbii fəlakətdən xilasetmə və humanitar yardımın göstərilməsi; böyük şəhərlərdə ictimai asayişin polis tərəfindən qorunması; qaçaqmalçılıq və narkotiklə mübarizədə; təbiətin mühafizəsi; hava şəraitinin proqnozlaşdırılması; səhiyyə xidməti; daşınmaz əmlakın idarə edilməsi; şəhərsalma və dizayn; boru kəmərlərinin mühafizəsi; telekommunikasiya; turizm; təhlükəsizlik xidmətləri və s.
Çoxlu fərqli xüsusiyyətlərini nəzərə alsaq, PUA-ları təsnifatlandırmaq bir qədər çətinləşir. PUA-larla əlaqəli ədəbiyyatın təhlili göstərir ki, dünyanın bir çox ölkələrinin alimləri PUA-ları müxtəlif cür təsnifatlandırılır.
Müasir lokal münaqişə və müharibələrdə, o cümlədən Vətən müharibəsində uğurla sınaqdan keçən PUA-lara daha çox tələbat yaranması səbəbindən dünyanın bu sahədə tanınmış elmi müəssisə və şirkətləri daima yeni növ PUA-ların yaradılması və təkmilləşdirilməsi istiqamətində çalışırlar. PUA-lar təyinatı, ölçüləri, funksiyası, uçuş uzaqlığı, avtonomluq səviyyəsi, dizayn və konfiqurasiyası, uçuş növü, məqsədləri, taktiki texniki xüsusiyyətləri, enerji qida blokunun növü, daşıdığı faydalı yükü, avtomatlaşdırma sistemi, toqquşmalardan qaçma sistemi, GPS naviqasiyasının növü, siqnalların susdurulması mühafizə sistemi, radiotezlik spektrinin buraxılış genişliyi və bir sıra digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. İstehsalçılar hələlik heç bir standartlarla məhdudlaşmırlar.
Pilotsuz uçuş aparatlarına artan tələbat səbəbindən bəzi şirkətlər pula və vaxta qənaət etmək məqsədilə PUA və süni intellektin birgə tətbiqi üzərində işlər aparırlar. Süni intellekt insan zəkasına xas olan mürəkkəb tapşırıqları yerinə yetirmək problemi həll etmək, planlaşdırmaq, öyrənmək, insan dillərini anlamaq, oxumaq və s. kimi xüsusiyyətləri özündə birləşdirir. Pilotsuz uçuş aparatlarında süni intellektin tətbiqinin məqsədi, böyük məlumat dəstələrindən mümkün qədər avtomatlaşdırılmış və qüsursuz istifadə etməkdir. Son illər süni intellektin sürətlə inkişafı tam avtomatlaşdırılmış və hərtərəfli tapşırıqlar yerinə yetirə bilən PUA-nın dəyərini daha da artıracaq.
Ümumilikdə, hərbi təyinatlı pilotsuz uçuş aparatlarından istifadə edərək
aşağıdakı tapşırıqları yerinə yetirmək olar:
‒ kəşfiyyat üzrə ilkin və daha dəqiq məlumatların əldə edilməsi;
‒ düşmən hədəflərinin aşkarlanması;
‒ cəbhə aviasiyasının, uzaqvuran artilleriya vasitələrinin dəstəyi;
‒ xüsusi diqqət rayonlarının və xüsusi əhəmiyyətli hədəflərin müşahidəsi;
‒ yolların, rayonların və xüsusi zonaların kəşfiyyatının aparılması;
‒ öz qoşunlarımızın arxa rayonlarının təhlükəsizliyinin təmin olunmasına dəstək;
‒ düşmənə vurulmuş zərər və itkilərin qiymətləndirilməsi;
‒ axtarış-xilasetmə əməliyyatlarına dəstək;
‒ bölmələri maddi-texniki və tibbi vasitələrlə təminetmə;
‒ xüsusi tapşırıqlar.
PUA sistemləri aşağıdakı komponentlərdən ibarətdir:
‒ PUA -pilotsuz uçuş aparatı;
‒ yerüstü idarəetmə stansiyası (YİS);
‒ yerüstü məlumat terminalı (YMT anten);
‒ aqreqat.
Hərbi təyinatlı PUA-ların üzərinə, bir qayda olaraq, aşağıdakı komponentlər quraşdırılır:
‒ hava məlumat terminalı;
‒ faydalı yük;
‒ radiolokasiya vasitələri;
‒ radiokəşfiyyat vasitələri;
‒ silah sistemi.
Müxtəlif müharibə və silahlı münaqişələrin təhlili göstərir ki, pilotlu aviasiya ilə müqayisədə PUA-ların bir çox üstünlükləri var:
‒ xidməti personalın təlim xərclərinin azlığı;
‒ texnikanın öyrənilməsi və istismarının asanlığı;
‒ pilotun (operatorun) vurulma riskinin olmaması;
‒ insan psixologiyasından qaynaqlanan səhvlərin olmaması;
‒ ətraf mühitə daha az ziyan vurulması;
‒ real vaxt rejimində məlumat ötürülməsinin təmin edilməsi;
‒ uçuş və istismar xərclərinin az olması;
‒ pilot və təyyarələrin səbəb olduğu uçuş məhdudiyyətlərinin olmaması;
‒ aşağı radar izinə görə vurulma ehtimalının az olması;
‒ mobillik baxımından sistemin yüksək hərəkətliliyə malik olması.
Bir çox üstünlüklərinə baxmayaraq,
PUA-ların aşağıdakı çatışmazlıqları da var:
‒ uçuş təhlükəsizliyinin natamam olduqda, PUA-nın idarəetmə mərkəzlərinin üzərinə düşmə ehtimalı var;
‒ yalnız yerdəki idarəetmə cihazlarının xüsusiyyətləri və operatorların bacarığı ilə məhdudlaşan tapşırıqları yerinə yetirə bilir;
‒ üzərinə quraşdırılan kəşfiyyat vasitələri və döyüş sursatının miqdarı məhduddur;
‒ komanda idarəetmə dövrələri, əsasən, elektron mübarizə tətbiqlərinə açıqdır;
‒ qar, yağış, duman və xüsusilə buzlanma kimi meteoroloji şəraitlərə həssasdır. Bu şəraitlər PUA-ların fəaliyyətini məhdudlaşdırır;
‒ yerüstü idarəetmə stansiyasından idarəolunan uçuşlar zamanı uçuş aparatı ilə yerüstü idarəetmə stansiyası arasındakı görüş xətti qorunmalıdır. Bu məqsədlə uçuş aparatının müəyyən dövrdən bir yüksək hündürlüyə qalxması vacibdir;
‒ PUA mühərrikinin səsi onu aşkar etməyə imkan verir;
‒ bəzi sistemlərdə uçuş aparatı üçün qalxma-enmə zolağı olmalıdır.
Hazırda pilotlu hava hücum vasitələri tərəfindən həyata keçirilən əməliyyatların əksəriyyəti (və ya hamısı) gələcəkdə texnologiyanın inkişafından asılı olaraq, PUA sistemləri ilə həyata keçiriləcəkdir. Lakin bu o demək deyil ki, Hərbi Hava Qüvvələri yalnız PUA-lardan ibarət olacaq və pilotlar işsiz qalacaq. Hətta bütün tapşırıqlar PUA sistemləri ilə həyata keçirilsə də, bir çox hava əməliyyatlarında həm pilotlu hava hücum vasitələri, həm də pilotsuz uçuş aparatları istifadə ediləcəkdir. Gələcək hərbi əməliyyatlar mühitini nəzərə alaraq, Hərbi Hava Qüvvələrinin nəzarəti ilə hava əməliyyatlarında, bəzi istisnalar olmaqla, əməliyyat və strateji PUA sistemlərinin istifadəsi düşünülür.
Nəticə
Beləliklə, 44 günlük Vətən müharibəsi, eləcə də digər lokal müharibələr və regional silahlı münaqişələr PUA-ların getdikcə artan rolunu və onun müxtəlif hərbi tapşırıqlarda istifadə edilə bilən hərbi texnika növü olduğunu göstərir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ən qısa zamanda PUA kompleksləri parkının yaradılması və genişləndirilməsi vəzifəsinin vacib bir səbəbi var. Müasir şəraitdə Hərbi Hava Qüvvələrinin dəstək, eləcə də fərdi döyüş tapşırıqlarını həll etməsi baxımından bir sıra meyarlarına görə PUA kompleksləri idarəolunan təyyarələrə alternativ ola bilər. Bu, ilk növbədə, gələcək illərdə hazırkı maliyyələşdirmə səviyyəsində təyyarələrin təyin edilmiş resurslarının və ya təqvim xidmət müddətinin bitməsi səbəbindən təyyarə parkının əhəmiyyətli dərəcədə azaldılacağı ilə bağlıdır. Hazırda pilotlu hava hücum vasitələrində istifadə edilən silahlar gələcəkdə PUA sistemlərində də olacaq. Əməliyyat və daha yüksək siniflərə aid PUA sistemlərindən və ya pilotlu hava hücum vasitələrindən atılan, PUA xüsusiyyətləri olan birdəfəlik silahların daha geniş yayılması ehtimal edilir. Tətbiq sınaqları bu gün də davam edən lazer əsaslı yönəldilmiş enerji silahlarının da yaxın gələcəkdə PUA-larda istifadəsi gözlənilir.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Həşimov, E.Q. Görünməyən hərbi obyektlərin aşkar edilməsi üçün CİS və seysmolokasiya üsullarının tətbiqi. Monoqrafiya / E.Q.Həşimov, A.A.Bayramov. – Bakı: Hərbi nəşriyyat, – 2017. – 246 s.
2. Quliyev, A. Hava-kosmik hücum vasitələri // – Bakı: Hərbi bilik, – 2014. №1, – s.46-53.
3. Павлушенко, М.И. Национальная и глобальная безопасность. Беспилотные летательные аппараты: история, применение, угроза распространения и перспективы развития: науч. изд. / М.И.Павлушенко, Г.М.Евстафьев, И.К.Макаренко. – Москва: Изд-во «Права человека», – 2005. – 600 c.
4. Ульянин, Ю.А. Пионер русской авиации / Ю.А.Ульянин. – Москва: Изд-во «Пик», – 2001. – 401 с.
5. Новичков, Н.Н. Развитие крылатых ракет самолетных схем: / Диссертация кандидата технических наук / – Москва, 1982. – 167 с.
6. Непомняший, Н.Н. 100 великих тайн Второй мировой / Н.Н.Непомняший. – Москва: ООО «Издательский дом «Вече», – 2017. – 480 с.
7. Bowman, N.J. The Handbook of Rockets and Guided Missiles. Second Edition / N.J.Bowman. – Pennsylvania: Newtown Square, – 1963. – 1008 p.
8. Алимов, И. Американские беспилотные самолеты разведчики // – Москва: Военный Зарубежник, – 1959. №12, – с. 70-72.
9. Тетерюк, А., Чижевский, Я. Беспилотные летательные аппараты в асимметричных конфликтах // – Москва: Международные процессы, – Апрель-июнь 2016. Т.14, № 2 (45), – с. 189-201.
10. Kahveci, M., Can, N. İnsansız hava araçları: tarihçesi, tanımı, dünyada ve türkiyedeki yasal durumu: [Elektron resurs] / – 2017. URL:https://dergipark.org.tr/tr/download/article-file/400203.
11. 38 ways drones will impact society: [Electronic resource] / – January 24, 2018. URL: https://www.cbinsights.Com/ research/drone-impact-society-uav/.
12. İnsansız Hava Araçlarının Sınıflandırılması: [Elektron resurs] / August 06, 2020. URL: https://www.tdefenceagency. com/insansiz-hava-araclarinin-siniflandirilmasi/
13. Ростопчин, В. «Напасть XXI века»: стороны одной «медали». Беспилотная авиация // – Москва: Авиапанорама, – 2018. № 5 (131), – c.8-21
14. Евтодьева, М.Г., Целицкий, С.В. Беспилотные летательные аппараты военного назначения: тенденции в сфере разработок и производства // – Москва: Пути к миру и безопасности, – 2019. № 2(57), – c.104-111.
15. Petritoli, E., Leccese, F. Lorenzo, C. Reliability and meintenance analysis of unanned aerial vehicles: [Electronic resource] / – September 19, 2018. URL:https://www.ncbi.nlm.nih.gov/pmc/
articles/PMC6165073/.
m.t.h.e.d., professor polkovnik Elşən Həşimov
mayor Roman Məhərrəmov
polkovnik-leytenant Bəhruz Hüseynov
Ordu.az